“İnteraktiv biologiya” layihəsi uğurla yekunlaşıb
Layihənin sonunda məktəb heyətinin və layihədə yer alan şagirdlərin iştirakı ilə bağlanış mərasimi təşkil olunub. Tədbir zamanı layihə ərzində görülən işlər, əldə olunan nəticələr və yaradılan tədris resursları təqdim edilib və şagirdlərin layihə çərçivəsində əldə etdikləri bilik və bacarıqlar dəyərləndirilib.
Bakı şəhərində həyata keçirilən layihə VIII sinif şagirdlərinin biologiya fənninə marağının artırılması və fənnin interaktiv üsullarla tədrisinin təşviqi məqsədi daşıyıb. Layihə çərçivəsində PhET platformasında yerləşən simulyasiyalar əsasında keçirilən dərslər şagirdlərə biologiya üzrə əsas mövzuları vizual və təcrübəyə əsaslanan şəkildə mənimsəməyə şərait yaratmışdır. Tədris prosesində şagirdlərin nəzəri biliklərini praktik bacarıqlarla tamamlaması, tənqidi düşüncə, komanda işi və problem həll etmə bacarıqlarının inkişaf etdirilməsi diqqət mərkəzində saxlanılıb.
Layihə nəticəsində biologiya fənni üzrə VIII sinif proqramına uyğun olan PhET materialları Azərbaycan dilinə tərcümə olunmuş, bu materiallar əsasında xüsusi kurikulum hazırlanmışdır. Tərcümə olunmuş məzmunun hədəf yaş qrupu və bilik səviyyəsinə uyğunluğu yoxlanılmış, tədris prosesini dəstəkləmək məqsədilə əlavə resurslar – iş vərəqləri, testlər və digər vəsaitlər hazırlanmışdır. Pilot dərslər vasitəsilə materialların effektivliyi qiymətləndirilmiş və əldə olunan rəylər əsasında təkmilləşdirmələr aparılmışdır. Hazırlanmış materiallar və resurslar geniş istifadəyə verilməsi üçün biologiya müəllimləri ilə paylaşılıb.
Ümumilikdə layihə çərçivəsində 32 saatlıq məşğələ təşkil olunmuş, nəticə etibarilə şagirdlərin həm fənn üzrə bilik səviyyəsinin yüksəldilməsi, həm də müasir tədris vasitələrindən istifadə bacarıqlarının formalaşdırılması təmin edilib.
Xatırladırıq ki, “İnteraktiv biologiya” layihəsi Bakı şəhəri 78 nömrəli tam orta məktəbin biologiya müəllimi Elşad Əliyev tərəfindən icra olunub.