Laçın məktəbində qrant layihənin bağlanış mərasimi keçirilib
"LOGOS şagirdlərin nitq və ünsiyyət yönlü bacarıqlarının inkişaf etdirilməsi” layihəsinin bağlanış mərasimi Laçın rayon Ramiz Musayev adına Vağazin kənd 1 nömrəli tam orta məktəbdə keçirilib. Bağlanışda Elm və Təhsil Nazirliyinin Laçın şəhər təhsil şöbəsinin metodisti, məktəb direktorları, müəllimlər və şagirdlər iştirak edib.
Qeyd edək ki, layihənin əsas məqsədi məktəblilərin natiqlik və təqdimat bacarıqlarının artırılmasına dəstək olmaq və regionda təlimçi bazası yaratmaq, 10 müəllim üçün "Təlimçilər üçün təlim” formatında natiqlik təlimlərinin keçirilməsi,10 məktəbdə natiqlik klublarının yaradılmasından ibarətdir.
Layihə çərçivəsində 10 kənd məktəbində çalışan 10 nəfər müəllim (hər məktəbdən 1 müəllim olmaqla) Taxtakörpü qəsəbəsində təşkil olunmuş 2 günlük TOT təlimlərinə cəlb olunub. Bundan əlavə, 10 məktəbin hər birindən 5 şagird olmaqla, (8-11-ci sinif şagirdləri) ümumilikdə 50 nəfər 2 günlük "Natiqlik və təqdimat", "Ünsiyyət və kütlə qarşısında çıxış" mövzularında təlimlərə cəlb olunub.Təlimlər 2 qrupda hərəsində 25 nəfər şagird olmaqla həftədə 2 gün təşkil olunub və onlara yarış üçün mövzular təqdim edilib.
Təlimlərdən sonra icra planına uyğun olaraq Laçın rayon Vağazin kənd 1 nömrəli tam orta məktəbində 30 nəfərin iştirakı ilə "Yaxşı təhsil yalnız məktəblərdə əldə edilə bilər!” mövzusunda natiqlik müsabiqəsi təşkil olunmuş, forumun qalib və mükafatçılarına kubok, medal, sertifikat və hədiyyələr verilib.