146
logo

Coğrafiya fənnindən beynəlxalq olimpiadalara hazırlıq dərsləri

  • Çərşənbə 18 Oktyabr 2023



Oktyabrın 16-da Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinin qalibi “Beynəlxalq olimpiadalara (iGeo və eGeo) hazırlıq”  layihəsi icrasına başlayıb.

Açılış tədbirində AMEA Coğrafiya İnstitutunun baş direktoru c.e.d. prof. Zakir Eminov və akademiyanın əməkdaşı, Turizm və rekreasiya şöbəsinin rəhbəri c.e.d. Zaur İmrani və BDU-nun c.e.d. Şəkər Məmmədova  iştirak ediblər.

Zakir Eminov coğrafiyanın aktual problemləri, beynəlxalq coğrafiya proqramında istifadə olunan mövzuların dünya ölkləri qarşısında duran əsas problemləri və bu probləmlərin həlli üçün yüksək keyfiyyətli kadr yetişdirilməsinin zəruriliyindən söz açıb. Bildirib ki, ölkənin gələcək inkişafında yüksək peşakarlığa malik kadrların yetişməsi əvəzsiz rola malik olacaq. Bu istiqamətdə layihənin rolunun böyük olduğunu və AMEA Coğrafiya İnstitunun daim dəstək olacağını vurğulayıb.

Daha sonra Şəkər Məmmədova gənc nəslin coğrafiyaya meyl etməsini və orta məktəblərdə coğrafiyadan istedadlı şagirdlərin yetişməsinin qürurverici hal olduğunu bildirdi. Layihə çərçivəsində artıq ölkəyə 5-ci bürünc medalın gəldiyini və layihə məzunlarından birinin məhz BDU-nun Coğrafiya fakültəsini seçdiyinin sevincini bildirdi. Belə ki, dəfələrlə beynəlxalq olimpiadaların iştirakçısı olmuş Rəsul Hüseynovun ixtisas seçimi BDU-nun Coğrafiya fakültəsi olduğunu deyib.

Sonra Zaur İmrani layihə çərçivəsində AMEA Coğrafiya İnstitunun əvəzsiz rolundan danışıb. Bu il İndoneziyada təşkil edilən 19-cu iGeo-da ölkəni təmsil etmək üçün komanda seçimlərinin akademiyada təşkil edilməsindən, juri heyətinin və akademiyanın elmi işçiləri ilə yanaşı digər mütəxəssislərin iştirakı ilə 6 nəfərlik heyətin təşkil olunmasından danışıb.

Layihə iştirakçıları xüsusən əvvəlki illərdə Respublika fənn olimpiadalarında qalib gəlmiş şagirdlərdir.

Qeyd edək ki, beynəlxalq olimpiadalara hazırlıq dərslərini təşkil edəcək layihənin rəhbəri Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsinin 5-ci dəfə ardıcıl qalib olmuş Yaşar Seyidəliyevdir.