146
logo

Məqsəd “Şiddətsiz ünsiyyət” metodunun mənimsədilməsidir

  • Bazar ertəsi 17 Yanvar 2022



Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsində fərdi layihələr kateqoriyası üzrə qalib olan layihələr arasında “Alternativ Məktəb Mühiti” layihəsi də var. Layihə fiziki və psixososial sağlamlığın qorunması istiqamətində fəaliyyət göstərir. 

Layihə rəhbəri -  Xocavənd rayonu 2 №li tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Vəfa Məmmədzadə çıxışında bildirib ki, layihənin məqsədi “Şiddətsiz ünsiyyət” metodunun mənimsədilməsi yolu ilə kurikulumun şəxsiyyətyönümlülük prinsipinin inkişafına töhfə verərək, məktəblərdə daha humanist mühit yaratmaq, aktiv öyrənməni dəstəkləmək, fərdlərin özünüifadə bacarığını inkişaf etdirməkdir: “Şiddətsiz ünsiyyət” metodunun əsası ilk dəfə 1960-cı ildə yəhudi əsilli klinik psixoloq Marşal Rozenberq tərəfindən  qoyulub. O, bu metodla Amerikada dövlət məktəbləri və digər ictimai sahələrdə irqi münaqişələrin həllinə nail olub. Bundan sonra “Şiddətsiz ünsiyyət” metodu dünyanın bir çox ölkələrində tətbiq olunmağa başlayıb. Bu metod şəxsi münasibətlərdən iş münasibətlərinə, tibbi və sosial xidmətlərdən polislərə, həbsxana işçiləri və məhbuslara, məktəb və təhsildən ictimai birliklərə qədər müxtəlif sahələrdə tətbiqi sayəsində münaqişələri aradan qaldırmağa, sağlam münasibətlər qurmağa və sülhə yol açır. Marşal Rozenberqin komandası Ruanda, Bosniya, Serbiya, Kolumbiya və Orta Şərq kimi müharibə yaşamış bölgələrdə “Şiddətsiz ünsiyyət” metodu ilə mediasiya xidmətləri verməyə davam edir”. 

Qeyd edək ki, “Alternativ Məktəb Mühiti” layihəsi respublikanın bir neçə məktəbində həyata keçirilir. Layihəyə cəlb olunmuş məktəblər sırasında Bakı şəhəri  95, 171,191 nömrəli tam orta məktəblər və  Xocavənd rayonu 2 №li  tam orta məktəb də vardır. Layihə çərçivəsində təyin olunmuş məktəblərdə “Şiddətsiz ünsiyyət”lə bağlı informativ plakatlar, duyğu və ehtiyacların əks olunduğu şəkilli  kartlar və üzərində praktikalar ediləcək stikerlərdən ibarət guşələr hazırlanmış, şagirdlərə zaman-zaman insanın yaşadığı duyğu və ehtiyacların adlarını əks etdirən siyahılar təqdim olunub. Eyni zamanda, qeyd olunan məktəblərin bir qrup müəllim və valideynlərinə TKTA-nın əməkdaşı, “Şiddətsiz ünsiyyət” təlimçisi Lamiyə Əliyeva tərəfindən hər həftə “Şiddətsiz ünsiyyət” metodu barədə təlimlər və psixoloq Güllü Əliyeva tərəfindən humanist psixoloji yanaşma ilə əlaqədar seminarlar təşkil olunub. Müəllimlər təlimlərdə alınmış tapşırıqlara əsasən hər həftə sinif təşkilat saatlarında şagirdlərlə müəyyən praktikalar təşkil edərək, onların özləri və digər şəxslərin duyğu və ehtiyaclarını tanımalarına, empatiya qurma bacarığının inkişafına çalışırlar. 

Bildirək  ki, təlimlər artıq yekunlaşıb, yanvar ayından etibarən məktəblərdə müəllim, valideyn və şagirdlərin iştirakı ilə  duyğu və ehtiyacların tanınmasına dəstək olan vorkshoplar həyata keçirilir.

 İcra müddəti ümumilikdə 3 ay olan layihə yanvar ayının sonuna qədər davam edəcəkdir. Sonda layihəni uğurla başa vuran şəxslərə sertifikatlar təqdim olunacaq”.