146
logo

İsmayılova Afaq: “Layihə rəhbəri olaraq məqsədimə nail oldum”

  • Cümə axşamı 13 Yanvar 2022



Təhsildə İnkişaf və innovasiyalar üzrə  V qrant müsabiqəsinin fərdi kateqoriya üzrə qalib layihələrindən biri də “Qəhrəmanları yaşadan qəhrəmanlardır” layihəsidir. Layihə rəhbəri İsmayılova Afaq Mülki qızı R. Quliyev adına Kürdəmir şəhər 5№li tam orta məktəbin təsviri  incəsənət müəllimidir.    

Layihə ilə bağlı öz təəssüratlarını bizimlə bölüşür: “Təsviri incəsənət müəllimi olduğum üçün həmişə yeniliklərə can atıram , ikinci dəfədirki layihə qalibiyəm, keçən il IV qrant müsabiqəsində yazdığım layihəni uğurla icra etdim. Təhsil  Nazirliyinin şəffaflığı nəticəsində ölkəmizdə bir–birindən maraqlı layihələr icra olunur. İdeyamın həyata keçirilməsində mənə belə bir fürsət yaratdığı üçün Təhsil Nazirliyinə öz minnətdarlığımı bildirirəm.” 

Bu layihənin məqsədi şagirdlərin estetik tərbiyəsi ilə vətənpərvərlik tərbiyəsinin həyata keçirilməsində hərtərəfli və ahəngdar şəxsiyyət formalaşması nəticəsində şəhid qəhrəmanlarımızı şagirdlərə tanıtmaq idi. Azərbaycanımız üçün əsl vətəndaş yetişdirmək, böyük gələcəyimiz naminə ən mühüm vəzifə kimi təhsilimizin qarşısında duran və layihənin nəhayətində dayanan məqsədlərdən biridir. Bu məqsədə çatmaq üçün “Qəhrəmanları yaşadan qəhrəmanlardır” layihəsi çərçivəsində şagirdlərimizə Kürdəmir rayonundan olan şəhid qəhrəmanlarımızı tanıtmaqla yanaşı onların əqli və estetik inkişafına əhəmiyyətli dərəcədə müsbət təsir göstərmək üçün plastilinlə şəhidlərin xatirəsinə relyef yapma nümunələri üzərində işləməyi öyrətməyi qarşımıza məqsəd qoyduq. 

Bütün dünyada həkimlər və pediatrlar təsdiq edirlər ki, plastilin boş əyləncə deyil, həm də faydalı, özünəməxsus masajordur, uşaqların həm yaradıcılıq potensialının, həm də bütün orqanizmlərinin inkişafına müsbət təsir edir.  

Layihənin icrasına sentyabr ayının  15 dən başladıq. Oktyabr ayının ilk həftəsindən həftədə  bir dəfə olmaqla hər şənbə günü eyni vaxtda həm əyani, həm də onlayn formatda   Kürdəmir Rayon Heydər Əliyev Mərkəzində təlimlər keçirdik. Layihədə Kürdəmir  məktəblərindən 40 şagird iştirak edirdi. 

Layihənin sərgi fəaliyyətinin yekun tədbirində Kürdəmir Rayon Təhsil Şöbəsinin müdiri Rəfail Məmmədov , şəhidlərin valideynləri, Kürdəmir Rayon Heydər Əliyev Mərkəzinin  direktoru Dürriyyə Seyidova , müəllimlər və şagirdlər iştirak edirdi . 

Tədbirdə məktəbli qəhrəmanlarımız hazırladıqları baralyefləri Şəhid qəhrəmanlarımızın  valideynlərinə təqdim etdilər. 

Sonda layihədə iştirak edən müəllimlərə və şagirdlərə sertifikatlar təqdim edildi.